Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı,
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Avropa Azərbaycan
Cəmiyyətinin (TEAS) dəstəyi ilə xalqımızın dünya
atçılığına bəxş etdiyi xüsusi at cinsi olan Qarabağ atları Dövlət Sərhəd
Xidmətinin “Süvarilər” atlılar dəstəsinin təqdimatında Britaniya Kraliçası II
Elizabetin doğum günü ərəfəsində təşkil olunan “Royal Windsor Horse Show” adlı
tədbirdə möhtəşəm şou proqramla çıxış edib.
Şounun tərkib hissəsi olaraq 24 nəfərdən ibarət “Sərhədçi” rəqs qrupu, “Natiq Ritm Qrupu”, rəssamlar və fakirlər də meydanda ölkəmizi təmsil etdilər. “Royal Windsor Horse Show” atçılıq tədbiri bu il 75 illik yubileyini qeyd
edir. “Land of Fire - Azerbaijan” adı ilə təqdim olunan xüsusi proqram yarış
izləyiciləri tərəfindən böyük maraqla qarşılanmışdır. Azərbaycanın bu
tədbirdəki ilk iştirakından etibarən bütün dünya vətənimizin igidlik və
məğrurluq rəmzlərindən biri olan Qarabağ atına valeh olub.Təsadüfi deyil
ki, Kraliçaya aid “Windsor” qəsri 1956-cı ildə ilk Qarabağ atı – “Zaman” ilə
tanış olmuşdur. Həmin il məhz II Elizabetə hədiyyə olunan Qarabağ atı Böyük
Britaniyaya Azərbaycanın qədim atçılıq mədəniyyətini ilk dəfə
tanıtmışdır.
Bütün tamaşaçıları heyran etmiş “OdlarYurdu – Azərbaycan” adlı kompozisiyada Azərbaycan Respublikasının əməkdar artisti Natiq Şirinovun rəhbərliyi ilə “Natiq” ritm qrupunun ecazkar müşayiətinin sədaları altında məşqçi Azər Həmzəyevin rəhbərliyi ilə Qarabağ atlarının belində inanılmaz və möhtəşəm igidlik hərəkətləri icra edən Dövlət Sərhəd Xidmətinin 20 süvarisi, xoreoqraf, Azərbaycan Respublikasının əməkdar artisti Nailə Məmmədzadənin rəhbərliyi ilə “Sərhədçi” rəqs ansamblı, alov püskürən fakirlər qrupu və iki gənc rəssam iştirak etmişlər. 12 dəqiqə davam edən bu şounun quruluşçu rejissoru Azərbaycan Respublikasının əməkdar artisti Nicat Kazımovdur.
12 may 2018-ci il tarixində Azərbaycan Respublikası Atçılıq Federasiyasının nümayəndə heyəti Böyük Britaniya taxt-tacının sahibi, Ülyahəzrət Kraliça II Elizabetlə görüşmüş və tuncdan hazırlanmış Qarabağ atı heykəlini, eyni zamanda Azərbaycanın Qarabağ xalçasını Azərbaycan
nümayəndə heyəti adından rəsmi hədiyyə olaraq təqdim etmişdir.