Sərhədçi Atçılıq Klubu Azərbaycan Çempionu adına layiq görüldü


Noyabr ayının 25-də Azərbaycan Respublikası Atçılıq Federasiyası tərəfindən Sərhədçi Atçılıq Klubunda konkur üzrə Azərbaycan Çempionatı keçirilmişdir. Yarış E, M* və S* kateqoriyaları üzrə təşkil olunmuşdur. E kateqoriyası üzrə maneələrin hündürlüyü 80-85 sm olan yarışda 3-cü yeri Rüstəm Hümbətov “SAN SEBASTIAN” ləqəbli atla, 2-ci yeri Kənan Əhmədov “BAYAZIT” ləqəbli atla, 1-ci yeri isə Ramil Ibrahimov “LIGHT LIMERICK” ləqəbli atla qazanmışdır. Qaliblərin hamısı “Atçılıq İdman Məktəbi“ nin idmançılarıdır. Günün ikinci yarışında, M* kateqoriyası üzrə maneələrin hündürlüyü 120-125 sm olan yarışda 3-cü yerə “Sərhədçi” klubunun idmançısı Sənan Məmmədov “MİSİR” ləqəbli atla, 2-ci yerə “Elit” klubunun idmançısı Pənah Alizadə “BİLL-CLİNTON” ləqəbli atla, ilk pilləyə isə “Sərhədçi” klubunun idmançısı Seyid Musayev “CİSSY” ləqəbli atla yüksəlmişdir. Günün sonuncu S* kateqoriyası üzrə maneələrin hündürlüyü 130-140 sm olan final yarışında 3-cü yeri “Murad” klubunun idmançısı Kərim Abdullayev “D’AMOUR” ləqəbli atla, 2-ci yeri  “Sərhədçi” klubunun idmançısı Sənan Məmmədov “MİSİR” ləqəbli atla, 1-ci yeri və Azərbaycan Çempionu adını isə “Sərhədçi” klubunun idmançısı Seyid Musayev “CİSSY” ləqəbli atla qazanmışdır.

Turnirin ümumi mükafat fondu 5000 AZN təşkil etmişdir.