RUSİYA ÜZƏRİNDƏ 12-1 HESABI İLƏ QƏLƏBƏ QAZANAN MİLLİ YIĞMAMIZ FİNALA YÜKSƏLDİ


Daha əvvəl xəbər verdiyimiz kimi ölkəmizin ev sahibliyi etdiyi və artıq 7-cisi keçirilən Arena Polo Dünya Kuboku turnirində 2-ci günün oyunları keçirilib.

Yerli vaxtla 15:00-da başlayan ilk oyunda Almaniyanı təmsil edən “Los Nocheros Polo Club Münster”  komandası İsveçrə təmsilçisi “Evviva Polo Club St. Moritz” komandası ilə qarşılaşmışdır. Gərgin mübarizə şəraiti altında keçən oyunda almanlar isveçrəliləri 9-8 hesabı ilə məğlub etmişdir.

Günün ikinci görüşündə milli komandamız Rusiya milli yığması ilə qarşılaşmışdır. Oyunçularımız ruslar üzərində 12-1 hesabı ilə böyük fərqlə qələbə qazanmışdır.

Bununla da ikinci qələbəsini qazanan milli yığmamız finala yüksəlmişdir. 15 sentyabr 16:15-də başlayacaq final oyununda Azərbaycan təmsilçisi “Elite Horse & Polo Club Baku” komandası Almaniya təmsilçisi “Los Nocheros Polo Club Münster” komandası ilə qarşı qarşıya gələcək.  

Üçüncü və dördüncü yerlər uğrunda mübarizə isə 15:00-da başlayacaq və “Evviva Polo Club St. Moritz” komandası ilə “Planernaya Polo Club Moscow” komandası arasında baş tutacaq.

Xatırladaq ki, 13 sentyabrda start götürən turnirin ilk oyununda Azərbaycan təmsilçisi “Elite Horse & Polo Club Baku” komandası “Evviva Polo Club St. Moritz”i (İsveçrə) 11:3 hesabı ilə məğlub edib. Günün İkinci qarşılaşmasında Almaniyanın “Los Nocheros Polo Club Münster” və Rusiyanın “Planernaya Polo Club Moscow” komandaları arasındakı oyun isə rusların 9:7 hesablı qələbəsi ilə başa çatıb.