QARABAĞ ATLARI “OLİMPİYA LONDON BEYNƏLXALQ ATÇILIQ ŞOUSUNDA” MÖHTƏŞƏM ŞOU İLƏ ÇIXIŞ EDƏCƏKLƏR.


Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Qarabağ atları 19-23 dekabr 2018-ci il tarixlərdə “Olimpiya London Beynəlxalq Atçılıq Şousunda” möhtəşəm şou proqramla çıxış edəcəklər.

 

Milli qürurumuz olan Qarabağ atları dünyanın bütün ölkələrində xüsusi bir cins kimi tanınır.  Qarabağ atlarının10-13 may 2018-ci il tarixlərdə Kral Vindzor At Şousunun 75 illik yubileyinə və Britaniya Kraliçası II Elizabetin doğum gününə həsr olunmuş tədbirlərdə möhtəşəm şou proqramları böyük coşqu və heyrətlə qarşılanmışdı. Məhz elə bunun nəticəsidir ki, Azərbaycan nümayəndə heyəti yenidən Olimpiya London Beynəlxalq At Şousunda iştirak üçün dəvət olunub.

Federasiyanın  Olimpiya üçün hazırladığı nümayiş "Odlar yurdu  Azərbaycan və Qarabağ Atı” kimi tanınır. Bu həyəcanverici nümayiş Qarabağ atları üzərində möhtəşəm hərəkətlər göstərəcək  12 at və çapardan ibarət olacaq.

  

      Nümayişin məqsədi ölkəmizin mədəni irsini qlobal auditoriyaya  çatdırmaqdır. Zəngin mədəniyyətimiz əsrlər boyu Azərbaycan xalqının qəhrəmanlığını, cəsarətini və qorxmazlığını nümayiş etdirən milli rəqs və musiqimizin müşayiəti altında Qarabağ Atlarının gücünü və möhtəşəm bacarıqlarını əks etdirən şou ilə nümayiş olunacaq.Qarabağın adını daşıyan möhtəşəm Atları və “Odlar Yurdu Azərbaycan”nümayişini izləyən tamaşaçılar heç vaxt bu şounu unuda bilməyəcəklər.