Dahi Öndər Heydər Əliyevin “Azərbaycan bütün dünyaya günəş kimi doğacaq” kimi məşhur kəlamı sentyabr ayının son dekadasında məxmər havası və gözəl təbiəti ilə hər kəsi valeh edən İtaliyanın qədim Toskaniya diyarına Azərbaycan millisinə dəstək olmaq üçün gəlmiş bütün həmvətənlərimizin keçirdiyi qürur və fəxarət hisslərinin qısa leytmotivini mükəmməl formada ifadə edir.
Turnirdən öncə peşəkar idmançıların və idman mütəxəssislərinin yarışın debütantı olan Azərbaycan yığması haqqında düşüncə və gözləntilərinin oyundan oyuna, qələbədən qələbəyə etinasızlıqdan təəccübə, təəcübdən heyranlığa doğru kəskin dəyişməsi sanki alatoranlıqda yalnız bəzi cizgilərinin göründüyü, sübh tezdən doğan günəşin şüaları altında təbiətin füsünkar gözəlliyinin və cazibədarlığının kəşf edilməsinə bənzəyirdi.
Həqiqətən də turniri işıqlandıran xarici mətbuatdakı millimizin sərgilədiyi qeyri-adi oyun haqqında xoş sözlər və təriflər hər bir oxucuda Odlar Yurdunun qədim atçılıq ənənələri, idmançılarımızın əzmkarlığı və mübarizliyi barədə geniş təsəvvür yaradırdı. Məsələn,:
Bu gün çempionatın nəticələrini dərindən təhlil edərkən, xüsusən də İrlandiya və İtaliya yığmalarına qarşı millimizin keçirdiyi son iki oyunun gərginliyini yada salaraq həmin hissləri təkrar-təkrar keçirərkən mükəmməl və mübariz oyun nümayiş etdirən komandamıza qarşı təzyiqlərin göstərilməsini, müxtəlif üsullarla idmançılarımızın məğlubiyyətə uğradılması cəhdlərini daha yaxşı dərk edirik. Məsələn, İrlandiya ilə oyunun sonuna 18 saniyə qalmış hesab 4:3,5 olarkən qapımıza cərimə zərbəsinin təyin olunması, lakin rəqib oyunçunun bu fürsətdən lazımınca yararlana bilməməsi, əksinə öz qapılarından top buraxması, yaxud final oyununda İtaliya komandasının 8 topdan 6-nı cərimə zərbələrindən (penaltidən) vurması millimizin amansız müqavimətlə qarşılaşdığına rəğmən qitənin ikincisi olmasının dəyərinin təsəvvür etdiyimizdən də qat-qat yüksək olması tam aydın olur.
Azərbaycan millisinin bu böyük və möhtəşəm nailiyyəti ilk növbədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmanın, o cümlədən də atçılıq idmanının inkişafına göstərdiyi ali diqqət və qayğının konkret təcəssümüdür.
Eyni zamanda bu nəticə millimizin çempionata hazırlaşması üçün Almaniyanın Mühlen şəhərində təlim-məşq toplanışlarının təşkilindən tutmuş, rəqib komandaların oyun taktikasının öyrənilməsinə və onlara qarşı əks fəndlərin düşünülməsinə qədər Azərbaycan Respublikasının Atçılıq Federasiyası tərəfindən həyata keçirilmiş ciddi fəaliyyətin gerçək ifadəsi olmuşdur.
Bütün Azərbaycan idman sevərlərinə, polo azarkeşlərinə böyük bir bayram bəxş etmiş, Avropa meydanlarında üçrəngli bayrağımızı ucaltmış idmançılarımıza dərin təşəkkürümüzü bildirir, gələcəkdə daha yüksək zirvələrin fəth edilməsini arzulayırıq!