Tədbirin rəsmi hissəsində çıxış edən Azərbaycan Respublikası Atçılıq Federasiyasının vitse-prezidenti Bəsirət Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın qədim və zəngin tarixə malik çövkənin inkişafında ali diqqət və qayğılarından danışaraq, ölkə əhəmiyyətli sahələrdə olduğu kimi, bu sahədə də əldə edilmiş nailiyyətlərin məhz ölkə rəhbərliyinin adı ilə bağlı olduğunu böyük qürur hissi ilə diqqətə çatdırıb.
Beynəlxalq Çövkən Federasiyasının prezidenti Bəhruz Nəbiyev belə tədbirlərin çövkən idman növünün inkişafına təkan verərək populyarlaşmasına səbəb olacağını vurğulayıb, Beynəlxalq Çövkən Federasiyasının məhz Azərbaycanda yaradılmasının tarixi hadisə olduğunu, çempionatın dostluq, sülh və idman ruhu ilə yadda qalacağını qeyd edib.
Rəsmi hissənin sonunda mundialda təmsil olunan millilərdən ibarət komandalara sağlam rəqabət, güclü mübarizə arzu edilib.
Tədbirin davamında Çövkən üzrə dünya çempionatında təmsil olunan komandaların paradı keçirilib, açılış mərasimi elan olunduqdan sonra yarışa start verilib.
Rəsmi hissə başa çatdıqdan sonra dünya çempionatının ilk qarşılaşmaları A qrupunda Azərbaycan 5–0 Qazaxıstan və Türkiyə 5–1 Malta, B qrupunda isə Mərakeş 5–0 Küveyt və Nigeriya 5–0 Almaniya komandaları arasında keçirilib.
Millilərin mübarizə apardığı Çövkən üzrə dünya çempionatı 16 iyun 2024-cü il tarixədək davam edəcək və qeyd olunan tarixdə qalib komandalar arasında baş tutacaq final oyununun nəticəsinə uyğun olaraq mükafatlandırma mərasimi keçiriləcək.