MÖVSÜMÜN SON CIDIR YARIŞINA YEKUN VURULUB


3 noyabr tarixində sonuncusu təşkil olunan cıdır yarışına yekun vurulub. 

09:30-dan etibarən başlayan cıdır yarışlarında ümumilikdə 39 at iştirak etmişdir. 

2 yaş İngilis atların iştirakı ilə keçirilən "Qızıl Tac Kuboku" uğrunda 1600 metr məsafəyə qaçışda, birinci yerin qalibi, "Batumi Ridinq Club" un sahibi olduğu "Frankel" ləqəbli at, ikinci yerin qalibi , "Arzu" AİK-in sahibi olduğu "Maqma" ləqəbli at, üçüncü yerin qalibi isə "Omar" AİK-in sahibi olduğu "Babi" ləqəbli at olmuşdur. 

İkinci qaçışda 3 yaş Qarabağ və Dilbaz atlar 1600 metr məsafəyə qaçışda "Bağlanış Kuboku" uğrunda mübarizədə öz güclərini sınamışlar. Yarışın nəticəsinə görə birinci və ikinci yerin qalibləri müvafiq olaraq "Xan-Xan" AİK-in sahibi olduğu "Çalxanqala" ləqəbli at və "Xan qızı" ləqəbli at olmuşdur. 

Üçüncü yeri isə Tatlıyev Əlinin sahibi olduğu Zaman ləqəbli at tutmuşdur. 

Üçüncü qaçış 3 yaş və yuxarı Ərəb atların Əlvida Kuboku uğrunda mübarizəsi ilə davam etmişdir. Bu yarışda 1-ci və 2-ci yerlərin qalibi müvafiq olaraq "Günay" AİK-in sahibi olduğu Miss Dahes ləqəbli at və Qraf ləqəbli at olmuşdur. Üçüncü yerin qalibi isə "Omar" AİK-in sahibi olduğu Nabab ləqəbli at olmuşdur. 

Dördüncü qaçış 3 yaş İngilis atların 2000 metr məsafəyə "Bağlanış Kuboku" uğrunda yarışı ilə davam edib. 

Yarışda birinci və ikinci yerlərin qalibləri müvafiq olaraq "Xan-Xan" AİK-in sahibi olduğu Naxçıvan və Miss Mambo ləqəbli atlar olmuşdur. Üçüncü yerdə isə, Ənsərov Elşənin sahibi olduğu "Lucky Strike" ləqəbli at olmuşdur. 

Beşinci qaçışda 4 yaş və yuxarı Qarabağ və Dilbaz atların Əlvida Kuboku uğrunda 2400 metr məsafəyə qaçışında İbrahimov Ramizin sahibi olduğu Pəri ləqəbli at birinci yerə yiyələnib. İkinci və üçüncü yerləri isə müvafiq olaraq "Xan-Xan" AİK-in sahibi olduğu "Dağlar" və "Zirvə" ləqəbli atlar tutmuşdur. 

Nəhayət cıdır mövsümünün son qaçışı 4 yaş və yuxarı İngilis atlar arasında olmuşdur. Bu yarışda İngilis atlar 2400 metr məsafəyə "Əlvida Kuboku" uğrunda yarışmışlar. Yarışın nəticəsinə görə birinci yerin qalibi İbrahimov Ramizin sahibi olduğu "Kənanın Kralı " ləqəbli at, ikinci və üçüncü yerlərin qalibi müvafiq olaraq "Omar" AİK-in sahibi olduğu Mr. Tornado ləqəbli at və Atilla ləqəbli at olmuşdur. 

Bütün yarışların qaliblərinə Azərbaycan Respublikası Atçılıq Federasiyasının vitse-prezidenti cənab Elşad Abbasov tərəfindən kuboklar və diplomlar verilmişdir. 

Yarışın ümumi mükafat fondu 24500 AZN təşkil etmişdir.