Milli Atçılıq Festivalı çərçivəsində Çövkən Milli Atüstü oyunu üzrə “100 İllik Yubiley Kuboku” turnirinə start verilib


Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təçkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr  olunmuş Milli Atçılıq Festivalı davam edir.

Belə ki, 5 iyun 2018-ci il tarixdə Çövkən Milli Atüstü oyunu üzrə “100 illik Yubiley Kuboku” turnirinin təsnifat mərhələsi keçirilib. 31 may tarixdə keçirilən püşkatmanın nəticəsinə əsasən günün ilk oyununda Köhlən Çövkən komandası ilə Omar Çövkən komandası üz-üzə gəlib. Oyun Omar Çövkən komandasının xeyrinə  3-2 hesabı ilə sona çatdı. Sabah, yəni 6 iyun tarixdə Omar Çövkən komandası Ağstafa Çövkən komandası ilə mübarizə aparacaq.

Günün ikinci oyununda isə Buta Golden Çövkən komandası Murad Çövkən komandası ilə qarşı-qarşıya gəlib. Buta Golden komandası 4-0 hesabı  ilə Murad Çövkən komandasını məğlub edib. Bu görüşdən qalib ayrılan Buta Golden komandası Ağcabədi Çövkən komandasıyla yarışacaq.

Sabah keçiriləcək 1/4 oyunun nəticəsinə görə isə Sərhədçi komandasının rəqibi Murad – Ağcabədi görüşünün qalibi, Polad komandasının rəqibi isə Omar-Ağstafa görüşünün qalibi olacaq. 7 iyun tarixdə keçiriləcək yarım-final oyunlarından qalib ayrılan komandalar 9 iyun tarixdə keçiriləcək final oyunlarında 100 illik Yubiley Kuboku uğrunda mübarizə aparacaqlar.