Kəlağayı sehrindən ilhamlanan Qarabağ atlarına fantastik vurğunluq: milli mədəniyyət incilərimiz britaniyalıların qəlbini fəth edir


Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kral ailəsinin üzvlərinin şərəfinə ənənəvi olaraq təşkil edilən “Vindzor Kral Atçılıq Şousu” 2019-cu ilin 9 may tarixində start götürmüşdür. 
2014-cü ildən etibarən ölkəmizin dəvət aldığı bu beynəlxalq atçılıq şousu qədim və unikal mədəniyyətimizin tanıdılması üçün son dərəcə əhəmiyyətli platformaya çevrilmiş, nümayəndə heyətimizin hər il nümayiş etdirdiyi bənzərsiz şou-proqramlar və performanslar bu möhtəşəm tədbirin ayrılmaz hissəsi kimi qəbul edilmişdir.
Milli sərvətimiz olan Qarabağ atlarının qorunub saxlanılmasına və məşhurlaşdırılmasına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali dəstəyi sayəsində son illər ərzində mili at cinslərimizin Azərbaycan brendi kimi dünyada tanıdılması istiqamətində önəmli işlər görülür. Bu tədbirlər sırasında “Vindzor Kral Atçılıq Şousu”nda Qarabağ atlarının füsünkar gözəlliyinin nümayiş etdirilməsi xüsusi yer tutur.
Cari ildəki “Vindzor Kral Atçılıq Şousu”nda ölkəmizi növbəti dəfə Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi və rəqs ansamblı təmsil etmiş, artıq ənənəvi olaraq öz çıxışları ilə hər kəsi valeh etməyi, hər bir tamaşaçını heyrətləndirməyi bacarmışlar. 
Oman Sultanlığını, Birləşmiş Ərəb Əmirliklərini, Macarıstanı və Böyük Britaniyanı təmsil edən digər atçılıq şousu iştirakçıları fonunda təmsilçilərimizin milli geyimlərimizdə çıxışları xüsusilə fərqlənmiş, çoxsaylı tamaşaçı kütləsinin xüsusi rəğbətini qazanmışdır.
2019-cu ildə Birləşmiş Krallığın ən qüdrətli taxt-tac sahibi kimi tarixə düşmüş Kraliça Viktoriyanın xatirəsinə həsr olunmuş bu tədbir üçün nümayəndə heyətimiz tərəfindən xüsusi olaraq “Azərbaycanın kəlağayısı və Qarabağ atları” adlı şou-kompozisiya hazırlanmışdır.
Azərbaycan xalqının çoxsaylı maddi və mənəvi sərvətlərindən ikisinin vəhdətindən formalaşan bu kompozisiyanın əsasını artıq Vindzor tamaşaçılarına çox yaxşı tanış olan, burada özünə heyranlar ordusu qazanmış, çılğınlığı və gözəlliyi ilə seçilən Qarabağ atları, eləcə də Azərbaycan qadınlarının ənənəvi baş örtüyü, ismət və gözəllik rəmzi olan kəlağayı təşkil etmişdir.
Şou aparıcısının təmsilçilərimizin möhtəşəm çıxışını öncələyən təqdimatında şou-kompozisiyanın əsas elementlərindən birini təşkil edən 1500 ildən çox tarixə malik Azərbaycan kəlağayısının hələ iki əsr öncə - 1851-ci ildə Londonda keçirilmiş böyük sərgidə Kraliça Viktoriyaya hədiyyə edilməsinin vurğulanması böyük maraqla qarşılanmışdır. 
Milli musiqi alətlərimizdə - balabanda, tütəkdə, zurnada, tarda, kamançada, nağarada ifa olunan, xalqımızın kod yaddaşının daşıyıcıları - milli rəqsimiz yallının, gənc muğam ustası Mirələm Mirələmovun ifasında “Ay Laçın” xalq mahnısının və Emin Sabitoğlunun bəstələdiyi “İncəbellim” musiqisinin ecazkar sədalarından, “Sərhədçi” rəqs ansamblının hərarətli və çılğın rəqslərindən, Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində igidlik və hünər nümunələrindən, alov püskürənlərin qeyri-adi perfomanslarından ibarət şou-kompozisiya Böyük Britaniya tamaşaçısını sözün əsl mənasında ovsunlamışdır. 
Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə hazırlanmış şou-kompozisiyanın quruluşçu rejissoru – Azərbaycan Respublikasının əməkdar artisti Nicat Kazımov, xoreoqrafı – Azərbaycan Respublikasının əməkdar artisti Nailə Məmmədzadə, süvarilər dəstəsinin rəhbəri – Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi Azər Həmzəyev, Alov şou qrupunun rəhbəri isə Rasim İskəndərlidir. 
7 dəqiqə davam edən şou müddətində süvarilərimizin başları üzərində Azərbaycan Respublikasının və Böyük Britaniyanın dövlət bayraqlarını dalğalandırmaları, rəqqaslarımızın ifasında qılıncoynatma səhnələri, kəlağayımızın xalqımızın sülhsevərlik simvollarından biri olmasının - döyüş meydanında Azərbaycan qadını tərəfindən kəlağayının yerə atılması ilə savaşa son qoyulması adətinin nümayiş etdirilməsi, meydandakı reklam lövhələrinin üçrəngli bayrağımızın rənglərinə boyanması diqqəti xüsusi cəlb etmişdir. 
Şou-proqram tədbir iştirakçıları tərəfindən böyük coşğu ilə qarşılanmış, əksəriyyəti britaniya aristokratiyasından ibarət olan böyük tamaşaçı kütləsinin zövqünü oxşamış, tamaşaçılar ayağa qalxaraq təmsilçilərimizi sürəkli alqışlarla yola salmışlar.