2019-cu ilin yanvar ayının 25-də İsveçrənin Sankt-Moritz şəhərində ənənəvi qış polosu üzrə “SNOW POLO WORLD CUP ST. MORITZ” dünya kuboku turnirinə start verilmişdir.
Bu il 35-ci dəfə keçirilən və dünya miqyasında ən güclü idmançıların cəlb olunduğu turnirdə Azərbaycan Respublikasının “Land of Fire” komandası da iştirak edir. Turnirin digər iştirakçıları “Cartier”, “Badrutt's Palace Hotel” və “Mazerati” komandalarıdır.
Turnir öncəsi komandaların təqdimat mərasimi keçirilmiş, turnir çərçivəsində qarşılaşmaların iştirakçıları müəyyən olunmuşdur. Püşkatmanın nəticələrinə görə 25 yanvar tarixində “Land of Fire” komandası Bakı vaxtı ilə saat 15:00-da “Cartier” komandası ilə, “Badrutt's Palace Hotel” komandası isə 19:15-də “Mazerati” komandası ilə qarşılaşacaqdır.
26 yanvar tarixində komandamızın “Badrutt's Palace Hotel” komandası ilə görüşü nəzərdə tutulmuşdur. Turnirin sonuncu günü – 27 yanvar tarixində 3-cü yer uğrunda oyun və final matçı keçiriləcəkdir.
Final oyunundan sonra turnir qalibinin, turnirin ən yaxşı oyunçusunun, ən yaxşı patronun (sponsorun), ən yaxşı polo atının müəyyən edilməsi və mükafatlandırılması, eyni zamanda polo idmanının təbliğində xüsusi xidmətləri olan şəxslərə 2018-ci ildə təsis olunmuş “Baku Moritz Polo Mükafatı”nın verilməsi nəzərdə tutulmuşdur.
Sankt Moritz gölünün donmuş buz qatı üzərində təşkil olunan turnir çərçivəsində keçiriləcək oyunlardan əvvəl tamaşaçılara “Odlar Yurdu - Azərbaycan” adlı kompozisiya təqdim olunacaqdır. Azərbaycan Respublikasının əməkdar məşqçisi Azər Həmzəyevin rəhbərliyi ilə Dövlət Sərhəd Xidmətinin 20 süvarisinin Qarabağ atlarının belində unikal igidlik hərəkətləri, xoreoqraf, Azərbaycan Respublikasının əməkdar artisti Nailə Məmmədzadənin rəhbərliyi ilə "Sərhədçi” rəqs ansamblının milli musiqimizin ecazkar sədaları altında möhtəşəm rəqsləri Qarabağ atlarının gözəlliyini, milli atçılıq ənənələrimizin qədimliyini və Polo oyunun Vətəni kimi artıq bütün dünyada qəbul edilən Odlar Yurdu – Azərbaycanın atçılıq mədəniyyətini nümayiş etdirəcəkdir.