9
iyun 2018-ci il tarixdə Heydər Əliyev Fondunun dəstəyi və
Azərbaycan Respublikası Atçılıq Federasiyasının təçkilatçılığı ilə Azərbaycan
Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş
Milli Atçılıq Festivalı çərçivəsində Bakı Dövlət Cıdır meydanında Çövkən
Milli Atüstü oyunu üzrə “100
illik Yubiley Kuboku” turnirinin final oyunu baş tutub. Final oyununda
Buta Golden və Polad Çövkən komandaları üçüncülük, Sərhədçi və Omar Çövkən
komandaları isə kubok uğrunda mübarizə aparıblar.
Günün ilk oyununda Buta Golden
Çövkən Komandası Polad komandası ilə üz-üzə gəlib. Komandalar arasında gərgin
gedən mübarizə Polad komandasının xeyrinə 2-1 hesabı ilə başa çatıb və Polad
Komandası Çövkən Milli Atüstü oyunu üzrə “100 illik Yubiley
Kuboku” turnirinin üçüncüsü olaraq bürünc medal qazanıb.
Günün ikinci görüşündə isə 2017-ci
ilin ən güclü çövkən yığması və Prezident Kubokunun qalibi adını daşıyan Sərhədçi
Çövkən komandası Omar Çövkən Komandasını qəbul edib. Sərhədçi komandası yenə də
öz üstünlüyünü qoruyaraq rəqib komandanı 4-0 hesabı ilə məğlub etmişdir. Beləliklə,
Çövkən Milli Atüstü oyunu üzrə “100 illik Yubiley Kuboku”
turnirinə Sərhədçi komandasının çempionluğu ilə yekun vurulub.
Mükafatlandırma mərasimində medalları komandaların üzvlərinə Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev təqdim edib.
Xatırladaq
ki, Milli Atçılıq Festivalına 15-17 iyun 2018-ci il tarixlərdə Azərbaycan,
Almaniya, İrlandiya və Hindistan təmsilçisi klubların iştirakı ilə artıq 6-cı
dəfə keçiriliəcək Arena Polo üzrə Dünya Kuboku yarışları ilə yekun vurulacaq. 3
gün davam edəcək turnirdə ümumilikdə 6 oyun keçiriləcəkdir. Keçirilən bu görkəmli
tədbirdə Azərbaycanı Milli Polo komandasının idmançılarından ibarət “Elite Horse
& Polo Club” komandası təmsil edəcək.