AZƏRBAYCAN RESPUBLİKASI ATÇILIQ FEDERASİYASININ TƏŞKİLATÇILIĞI İLƏ 13-15 SENTYABR TARİXLƏRİNDƏ “7-Cİ ARENA POLO DÜNYA KUBOKU” TURNİRİ KEÇİRİLƏCƏK


Artıq ənənə halını almış Polo üzrə dünya kubokunun keçirilməsinə sadəcə sayılı günlər qalır. Hər il olduğu kimi bu il də ölkəmizin də yer aldığı turnirdə dünyanın dörd müxtəlif ölkəsini təmsil edən komandalar iştirak edir.

13-15 sentyabr tarixlərində baş tutacaq turnirdə Azərbaycan, Rusiya, Almaniya və İsveçrə yerli klub komandaları birincilik uğrunda mübarizə aparacaqlar.  Hər komanda 3 oyunçu ilə təmsil olunur. Oyunlar “Elite Horse and Polo Club”da yerləşən meydançada hər gün saat 15:00-da baş tutacaq.

12 sentyabr saat 16:30-da “Fairmont” mehmanxanasında mətbuat konfransı və oyunçuların təqdimatı təşkil olunacaq.

Püşkatmanın nəticələrinə əsasən ilk oyun Azərbaycanı təmsil edən “Elite Horse & Polo Club Baku” və İsveçrəni təmsil edənEvviva Polo Club St. Moritz” arasında oynanılacaq. Günün ikinci oyunu Almaniyanı təmsil edən “Los Nocheros Polo Club Münster” və Rusiyanı təmsil edən “Planernaya Polo Club Moscow” komandaları arasında olacaq.

Turnirin 2-ci günü - 14 sentyabr tarixində günün açılış oyunu İsveçrə təmsilçisi “Evviva Polo Club St. Moritz” və Almaniya təmsilçisi “Los Nocheros Polo Club Münster” arasında baş tutacaq. İkinci oyun isə təmsilçimiz “Elite Horse & Polo Club Baku” və “Planernaya Polo Club Moscow” komandaları arasında baş tutacaq.

Final günü, 15 sentyabrda üçüncülük uğrunda mübarizə 15:00-da başlayacaq. Final görüşü isə 16:15-də 2 ən güclü komanda arasında baş tutacaq. Turnirin qalibi bu görüş nəticəsində bəlli olacaq.

Onu da qeyd etmək lazımdır  ki, 2020-ci il 10-20 Sentyabr  tarixlərində 8 komandanın iştirakı gözlənilən polo üzrə Avropa çempionatına Azərbaycan ev sahibliyi edəcək.