AZƏRBAYCAN RESPUBLİKASI ATÇILIQ FEDERASİYASINDA 2019-CU İLİN FƏALİYYƏTLƏRİNƏ DAİR YEKUN TƏDBİR KEÇİRİLİB


Azərbaycan Respublikası Atçılıq Federasiyasında 2019-cu il ərzində təşkil olunan fəaliyyətlər planına həsr olunmuş yekun tədbir keçirilib. Tədbir Binə Atçılıq Mərkəzində yerləşən Çapar restoranında baş tutub.

Əvvəlcə qonaqlara 2019-cu il ərzində təşkil olunan tədbirləri əks etdirən video çarx göstərilib. Daha sonra müxtəlif nominasiyalar üzrə il ərzində Federasiyanın fəaliyyətinin mətbuatda işıqlandırılmasında yaxından iştirak edən jurnalistlər mükafatlandırılıblar. Ardınca Federasiya Prezidenti Elçin Quliyev tərəfindən il ərzində fəallığı və uğurlayla seçilən idmançılar, məşqçilər və hakimlərə fəxri fərmanlar və mükafatlar təqdim edib.

Mükafatlandırma mərasimində çıxış edən Federasiya prezidenti Azərbaycan atçılığının, xüsusən də, milli atçılığın inkişafını qeyd edib. İl ərzində atçılığın bütün növlərində tədbirlərin təşkil olunduğunu bu yolda ciddi nailiyyətlər əldə olunduğunu vurğulayıb. Elçin Quliyev bütün nailiyyətləri ölkə prezidenti İlham Əliyevin bu idman növünə göstərdiyi diqqət və qayğının nəticəsi kimi dəyərləndirib.

Ardınca cənab Elçin Quliyev tədbir iştirakçılarına 2020-ci ildə Bakıda təşkil olunacaq Polo üzrə Avropa Çempionatı haqqında məlumat verib. O qeyd edib ki, hal-hazırda Federasiya tərəfindən çempionatın yüksək səviyyədə təşkil olunması yolunda zəruri işlər görülür.

İlin yekunlarına həsr olunan tədbir bədii proqramla davam edib. Azərbaycan Dövlət Sərhəd Xidmətinin ansamblı və solistləri, o cümlədən, Azərbaycan mədəniyyət və incəsənət nümayəndələri çıxış ediblər. Tədbir xoş əhval-ruhiyyə ilə başa çatıb.