Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) 29 dekabr 2018-ci il tarixdə 2018-ci ilin yekunlarına həsr olunmuş təntənəli mərasim keçirib.
Mərasimdə il ərzində atçılıq tədbirlərində fəal iştirak etmiş şəxslər, yüksək nailiyyətlər əldə etmiş idmançılar, məşqçilər, hakimlər və digər idman xadimləri, həmçinin idman klubları mükafatlandırılmışlar.
2018-ci ilin yekunlarına əsasən Polo üzrə Azərbaycan Milli komandası, Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi fəxri fərman və pul mükafatına layiq görülmüşlər.
2018-ci il ərzində Qarabağ Atlarının yetişdirilməsində fəal iştirakına görə Atayev Şəmsəddin Sədrəddin oğluna fəxri fərman təqdim olunub.
2018-ci il ərzində atçılıq tədbirlərinin yüksək səviyyədə işıqlandırılmasına görə “İdman Azərbaycan” televiziya kanalı, “AZƏRTAC” Azərbaycan Dövlət İnformasiya Agentliyi, “Haqqın.az” analitik-informasiya portalı fəxri fərman və qiymətli hədiyyələrlə təltif ediliblər.
Azərbaycan Respublikası Atçılıq Federasiyası tərəfindən 2018-ci il ərzində təşkil olunan tədbirlərdə fəal iştiraklarına görə Dövlət Sərhəd Xidmətinin rəqs ansamblı, Hüseynov Nuran Nəriman oğlu, Hacıyev Faiq Əjdər oğlu, Əliyev Rafael Əli oğlu, Zamanov Ramin Allahverən oğlu, İmanov Araz Nazim oğlu və Məmmədov Yavər Sərdar oğlu fəxri fərmanla rəğbətləndirilmişlər.
Azərbaycan Respublikasının əməkdar artisti Kazımov Nicat Mirəziz oğlu möhtəşəm beynəlxalq atçılıq tədbirlərində nümayiş etdirilmiş şou-proqramlara quruluş verdiyinə görə fəxri fərman və qiymətli hədiyyəyə layiq görülmüşdür.
Konkur üzrə ilin idmançısı adını - Musayev Seyid Yaqub oğlu, Konkur üzrə ilin məşqçisi adını- Zamanov Kərim Namaz oğlu, Konkur üzrə ilin gənc idmançısı adını – Qurbanbəyov Dünyamalı Seymur oğlu, Konkur üzrə ilin klubu adını – “Sərhədçi” atçılıq klubu, ilin jokeyi adını - Nəzərov Hilal Mehman oğlu, Cıdır üzrə ilin məşqçisi adını - Məmmədov Namiq Mədət oğlu, Cıdır üzrə ilin klubu adını – “Xan-Xan” atçılıq klubu, Çövkən Milli Atüstü oyunu üzrə ilin komandası adını – “Sərhədçi” Çövkən komandası qazanmış, qaliblərə fəxri fərmanlar təqdim olunmuşdur.
Azərbaycan Respublikası Atçılıq Federasiyasının ən gənc idmançısı adına layiq görülmüş Fərzəliyeva Gülay Vüsal qızı fəxrifərman və qiymətli hədiyyə ilə mükafatlandırılmışdır.
Ölkə hüdudlarından kənarda mötəbər beynəlxalq atçılıq tədbirlərində yüksək səviyyəli iştiraklarına görə Dövlət Sərhəd Xidmətinin Atçılıq Mərkəzinin bir qrup əməkdaşı medallarla təltif edilmişlər.
Təntənəli mərasimdə 2018-ci ildə atçılıq sahəsində baş verən mühüm hadisələrə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Mərasimdə çıxış edən ARAF-ın Prezidenti Elçin Quliyev federasiyanın hesabat ilində qarşıya qoyulan məqsədlərə nail olduğunu və bununla da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin atçılığın inkişafı və təbliğatı üzrə tapşırıqlarını yüksək səviyyədə yerinə yetirdiyini, atçılığın bütün sahələri üzrə - konkur üzrə, cıdır yarışları üzrə, “Çövkən” milli oyunlarımız üzrə, Polo üzrə nəzərdə tutulmuş bütün proqramların uğurla gerçəkləşdirildiyini qeyd edərək, 2019-cu ildə daha yüksək nəticələrin əldə olunacağına əminliyini ifadə etmiş, tədbir iştirakçılarını qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının həmrəyliyi günü və yeni il bayramı münasibətilə təbrik etmişdir.
Bundan sonra xüsusi hazırlanmış tort Federasiyanın rəyasət heyətinin üzvləri tərəfindən birgə kəsilib.
Mərasim Azərbaycan Respublikasının əməkdar artisti mayor Səməd Vəkilovun rəhbərliyi ilə Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin, Azərbaycan Respublikasının əməkdar artisti Nailə Məmmədzadənin rəhbərlik etdiyi rəqs ansamblının rəngarəng və maraqlı çıxışları, Azərbaycan Respublikasının əməkdar artistləri leytenant Afaq Abbasova-Budaqovanın, Tural Ağasıyevin, leytenant Elnarə Xəlilovanın, leytenant Nərmin Kərimbəyovanın və Fəxri Kazım Nicatın yadda qalan ifaları ilə davam etmişdir.