Arzu Kuboku turniri


1 Aprel 2017-ci il tarixdə Binə Atçılıq Mərkəzinin açıq manejində Arzu Kuboku adlı konkur turniri keçirilmişdir. Turnirdə Bakının müxtəlif klublarından 15 idmançı və 22 at iştirak edirdi.

Atçılıq məktəbinin təmsilçilərinin də iştirak etdiyi 100 - 110 sm hündürlükdə keçirilən günün birinci yarışında Sərhədçi Atçılıq Klubunun idmançısı Seyid Musayev “Cissy” ləqəbli atla birinci yeri tutmuşdur. İkinci yerə Murad Atçılıq Klubunun təmsilçisi Anar Hümbətov “Clima” ləqəbli atla, üçüncü yerə isə yenə də Seyid Musayev digər iştirakçı atı olan “Concorde 57” ləqəbli atla layiq görülmüşdür.

Günün ikinci yarışı, Arzu kuboku uğrunda mübarizə 130 – 135 sm hündürlükdə maneələr üzrə keçirilmişdir. 11 atın iştirak etdiyi yarışda 4 idmançı 0 cərimə xalı ilə ilk turu başa vuraraq təkrar sıçrayışda iştirak hüququ əldə etmişdir. Təkrar sıçrayışda saniyə fərqi ilə digər iştirakçıları qabaqlayan Seyid Musayev “Concorde 57” ləqəbli atla Arzu Kubokunun sahibi olmuşdur. Vaxt göstəricilərinə görə Gilan Atçılıq Klubunun təmsilçisi Rahib İsmayılov “Aco’s First Boy” ləqəbli atla ikinci yerə, Omar Atçılıq Klubunun təmsilçisi Ələkbər Məmmədov isə üçüncü yerə yüksəlmişdir.

5 000 manatlıq mükafat fondu ilk qaliblər arasında yarışın əsasnaməsində təsdiq olunan faiz nisbətinə əsasən bölünmüşdür.