6-cı Arena Polo üzrə Dünya Kuboku turnirində iştirak edəcək komandaların təqdimat mərasimi keçirilib


14 iyun 2018-ci il tarixdə “JW Marriott Absheron Baku” Hoteldə Arena Polo Dünya Kuboku ilə bağlı mətbuat konfransı keçirilmişdir. Azərbaycan Respublikası Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyev çıxış edərək konfransı açıq elan etmişdir. Baş katib çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş Milli Atçılıq Festivalı çərçivəsində baş tutmuş tədbir və turnirlər barədə məlumat verərək, sözü Beynəlxalq Polo Təşkilatının prezidenti Reto Gaudenziyə vermişdir. R.Gaudenzi nitqində artıq 6-cı dəfə Arena Polo üzrə Dünya kubokuna ev sahibliyi edən Azərbaycana təşəkkürünü bildirərək, komanda və sponsorları təqdim etmişdir.

Belə ki, 6-cı Arena Polo üzrə Dünya Kuboku turnirində Azərbaycanı açıq mavi geyimdə “Elite Horse and Polo Club” (Pasha Bank), Almaniyanı  qırmızı geyimdə ”Rhein Polo Club Düsseldorf” (Altun 97), Hindistanı  sarı geyimdə “Indian Polo & Riding Club New Delhi” (Bot) və İrlandiyanı isə ağ geyimdə “Polo Club Wicklow” (Palladium) komandası təmsil edəcək.

Qeyd edək ki, Arena Polo üzrə Dünya Kuboku 15 iyun 2018-ci il tarixdə “Elite Horse & Polo Club” (Pasha Bank) və Indian Polo & Riding Club New Delhi (Bot) arasında baş tutacaq yarışla start götürəcək. Günün ikinci oyunu isə Polo Club Wicklow (Palladium) və Rhein Polo Club Düsseldorf (Altun 97) arasında baş tutacaq. Günün sonunda isə “Elite Events Hall”da  Baku Moritz Qala gecəsi keçiriləcək.