Qarabağ atları 10-13 may 2018-ci il tarixlərində Britaniya Kraliçası II Elizabetin doğum gününə həsr olunmuş tədbirlərdə möhtəşəm şou proqramla çıxış edəcəklər.


Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Azərbaycan xalqının dünya atçılığına bəxş etdiyi xüsusi cins olan Qarabağ atları 10-13 may 2018-ci il tarixlərində Britaniya Kraliçası II Elizabetin doğum gününə həsr olunmuş tədbirlərdə möhtəşəm şou proqramla çıxış edəcəklər. Milli qürurumuz olan Qarabağ atları dünyanın bütün ölkələrində xüsusi bir cins kimi tanınır.

Kraliça II Elizabetə 1956-cı ildə hədiyyə edilən “Zaman” ləqəbli Qarabağ atı London qəsrinə gətirilmiş ilk Azərbaycan cinsi kimi tarixə düşüb.

Azərbaycan Respublikası Atçılıq Federasiyası Vətənimizi bu mötəbər tədbirdə ilk dəfə 2012- ci ildə, sonra isə 2016- cı ildə layiqincə təmsil etmişdir. Bu tədbir dünyanın atçılığı təbliğ edən ən mötəbər  tədbirlərindən biridir. Azərbaycanın bu tədbirdəki ilk iştirakından etibarən bütün dünya vətənimizin igidlik və gözəllik simvollarından biri olan Qarabağ atına valeh olub.

ARAF 2018-ci il tədbirinə xüsusi şövqlə, xüsusi əzmlə hazırlanmışdır. Ümid edirik ki, “Odlar Yurdu – Azərbaycan” adlı kompozisiya hər kəsi heyran edəcək.

Britaniya monarxlarının şəhər kənarındakı iqamətgahı sayılan Vindzor qəsrində keçirilən tədbirlərdə hər gün Kral ailəsinin bir üzvü iştirak edəcək. Son gün isə Kraliça II Elizabetin iştirakı planlaşdırılıb.

Qeyd edək ki, Qarabağ Atlarının möhtəşəm şousu bugün yerli vaxtla saat 18:45-də baş tutacaq. Tədbirin qapanış mərasimi 13 may tarixində keçiriləcək.

Qarabağ Atlarının çıxış vaxtları aşağıda qeyd olunub:

1.10 may 2018-ci il saat 18:45.

2. 11 may 2018-ci il saat 18:55.

3.12 may 2018-ci il saat19:30.

4.13 may 2018-ci il  saat 19:45.