“PREZİDENT KUBOKU”NUN QALİBİ “SƏRHƏDÇİ” ÇÖVKƏN KOMANDASI OLUB


24 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Atçılıq Federasiyası tərəfindən təşkil olunan Çövkən Milli Atüstü oyunu üzrə “Prezident Kuboku”nun final oyunu keçirilib.

Final oyununda “Sərhədçi” Çövkən Komandası ilə “Polad” Çövkən Komandası qarşılaşıblar. Gərgin mübarizə şəraitində keçən görüşdə əsas hissə 1-1 hesablı bərabərliklə bitib. Qaydalara əsasən oyuna 20 dəqiqə vaxt  əlavə olunub. Əlavə olunmuş vaxtda da komandalar qarşılıqlı olaraq rəqib qapısına bir dəfə yol tapa bilib. Bununla da, oyunun taleyini penalti zərbələri müəyyən edib. Penaltilərdə önə keçən “Sərhədçi” komandası ümumi hesabda rəqibi üzərində 4-3 hesablı qələbə qazanaraq “Prezident Kuboku”nun sahibi olub.

“Buta Qolden” və “Sərhədçi 2-Dilbaz” Çövkən komandaları arasında keçirilən üçüncülük uğrunda görüşdə isə “Buta Qolden” komandası rəqibinə 3-0 hesabı ilə qalib gələrək turniri 3-cü yerdə bitirib.

Turnirin bombardiri, eyni zamanda, ən məhsuldar oyunçusu “Polad” Çövkən Komandasının 9 qola imza atan hücumçusu Şəhriyar Ağayev olub.

Qaliblərə Azərbaycan Respublikası Atçılıq Federasiyasının Prezidenti Elçin Quliyev tərəfindən kubok, medal və diplomlar təqdim olunub.