PREZİDENT KUBOKU UĞRUNDA ÇÖVKƏN MİLLİ ATÜSTÜ OYUNUNUN QRUP MƏRHƏLƏSİNİN OYUNLARI BAŞLAYIB


13 dekabr 2019-cu ildə Şəki rayonunda yerləşən Respublika Milli Atüstü Oyunlar Mərkəzində 2019-cu il Prezident Kuboku üzrə keçiriləcək çövkən oyununun qrup mərhələsinə start verilib.
12 komandanın iştirakı ilə keçirilən çempionatın püşkatma mərhələsi 10 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikası Atçılıq Federasiyasının inzibati binasında baş tutmuşdur. Püşkatma nəticəsində hər birində 3 komanda olmaqla 4 qrup formalaşmışdır.
Omar, İsmayıllı, Murad Çövkən komandaları A qrupunda, Polad, Şəki, Qarabağ Çövkən komandaları B qrupunda, Buta, Ağcabədi, Köhlən Çövkən komandaları C qrupunda, Sərhədçi, Ağstafa, Qala Çövkən komandaları isə D qrupunda mubarizə aparırlar.
Oyunun proqramına uyğun olaraq hər gün bütün qruplarda 1 oyun keçirilməsi nəzərdə tutulmuşdur.
Çempionatın ilk günündə A qrupunda Omar Çövkən komandası Murad Çövkən komandası ilə qarşılaşıb, oyun Omar Çövkən Komandasının 5-1 üstünlüyü ilə bitib,  B qrupunda Polad Çövkən komandası Qarabağ Çövkən komandasına 8-1 hesabı ilə qalib gəlib. C qrupunda Buta Çövkən komandası ilə Köhlən Çövkən komandasının oyunu Buta Çövkən Komandasının 3-0 qalibiyyəti ilə yekunlaşıb. Nəhayət günün son görüşü D qrupunda Sərhədçi Çövkən komandası ilə Qala Çövkən komandası arasında olub. Bu görüşdə son çempionatın qalibi, Sərhədçi Çövkən Komandası rəqibinə 4-1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, çövkən oyununun qrup mərhələsi və ¼ final oyunları 13-16 dekabr tarixlərində Şəki rayonunda yerləşən Respublika Milli Atüstü Oyunlar Mərkəzində keçiriləcək. Çempionatın yarımfinal mərhələsi 22 dekabr tarixində, üçüncülük və final oyunu isə 24 dekabr tarixlərində Bakıda, Binə Atçılıq Mərkəzində baş tutacaq.
Hər il olduğu kimi bu il də Prezident Kuboku Üzrə Çövkən Oyunu Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının dəstəyi ilə keçirilir.
Oyunun ümumi mükafat fondu 50000 AZN təşkil edir.