POLO ÜZRƏ AZƏRBAYCAN YIĞMASI AMERİKADA KEÇİRİLƏCƏK BEYNƏLXALQ KUBOKDA İŞTİRAK EDƏCƏK.


Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı və “PAŞA Siğorta” ASC-nin sponsorluğu ilə Azərbaycan Milli Polo Komandası Amerikanın Florida ştatında “Grand Champions Polo Club”da 19-26 noyabr 2018-ci il tarixlərdə keçiriləcək Polo üzrə Beynəlxaq Kubokda iştirak edəcək.

“Grand Champions Polo Club”un təşkilatçılığı ilə baş tutacaq Polo üzrə Beynəlxalq Kubok Polo və payız sezonunun son  həftəsində keçirilən ənənəvi ən böyük tədbirdir.

2012-ci ildən bəri İngiltərə, Çili, Meksika, Cənubi Afrika, Urugvay və Brazilya Polo yığmalarını məğlub edərək 6 dəfə Çempion olan ABŞ komandası bu dəfə Odlar və Buzlar yurdu, dünyanın ən məhşur güclü polo komandası Azərbaycanı qarşılayacaq.

        Yüksək səviyyədə təşkil olunmuş turnirdə bir çox ölkələr o cümlədən, Azərbaycan, Argentina, Brazilya, Kanada, Çili, Ekvador, İngiltərə, Fransa, Hindistan, Meksika, Yeni Zellandiya, Nigeriya və Cənubi Afrika iştirak edirlər.

Milli komandamızın ilk dəfə iştirakçısı olacağı Amerika Beynəlxalq Polo çempionatında əsas hədəfi ən yüksək pillə uğ­runda mübarizə aparmaqdır. 

“PAŞA Siğorta” ASC-nin sponsorluq etdiyi yığmamızın start heyətində Elçin Camallı, Amil Namazov, Andres (LaLA) Laplacette, Adrian Laplacette və Rəşad Həsənov yer alacaq. Komandanın baş məşçisi Namiq Orucovdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərdiyi ali diqqət və qayğı nəticəsində ölkəmizdə polo idman növü son illərdə xüsusilə inkişaf etmişdir. 2018-ci il  Azərbaycan Milli Polo komandasının bir çox uğura imza atdığı il olmuşdur.

2018-ci ilin yanvar ayında  İsveçrənin Sankt-Moritz şəhərində keçirilən Qar Polosu üzrə Dünya Kubokunda komandamız qar üzərində ilk dəfə polo oynamasına baxmayaraq, güclü rəqiblərindən heç də geridə qalmayaraq 3-cü yerin sahibi olmuşdur.

15-17 iyun 2018-ci il tarixdə Azərbaycanın hər il ev sahibliyi etdiyi Arena Polo üzrə Dünya Kuboku turnirində Milli Polo Komandamız 2-ci yerə layiq görülmüşdür.

Ölkəmizin Polo üzrə nailiyyətlərinin davamı olaraq komandamız 20-30 sentyabr 2018-ci il tarixdə İtaliyanın Siyene şəhərində ilk dəfə iştrakçısı olduğu Avropa Çempionatının ikincisi olmuşdur.