İtaliyanın Siyene şəhərində Polo üzrə Avropa Çempionatı
davam edir.
22 sentyabr tarixində yarışın 2-ci turunda Fransa
komandası ilə qarşılaşan Azərbaycan milli yığması növbəti inamlı qələbəsini
qazanmışdır. Milli yığmamızın üzvləri qələbə qazanmaq üçün güclü iradə və
yüksək peşəkarlıq nümayiş etdirərək rəqiblərini 8:4 hesabı ilə darmadağın
etmişlər.
İkiqat Avropa çempionu və bu turnirin ikiqat gümüş
mükafatçısı olan güclü Fransa yığmasına məğlubiyyət hissini yaşadan milli
komandamızın tərkibində Elçin Camallı və Fabian Bolanterio xüsusilə fərqlənmişlər.
Azərbaycan yığma komandasının baş məşqçisi Namiq Orucov
böyük hesablı növbəti qələbə münasibətilə idmançılarımızı təbrik etmiş, oyunun
nəticəsindən məmnunluğunu ifadə etmiş və göstərilən dəstəyə görə
minnətdarlığını bildirmişdir.
30 sentyabr 2018-ci il tarixədək davam edəcək Polo
üzrə Avropa Çempionatının 24 sentyabr tarixində keçiriləcək 3-cü turunda Azərbaycan
millisi Slovakiya yığması ilə, 28 sentyabr tarixində baş tutacaq 4-cü turda isə
hazırki Avropa çempionu İrlandiya komandası ilə qarşılaşacaqdır.