ÖLKƏDƏ İLK DƏFƏ OLARAQ YORĞA ATLARIN AZƏRBAYCAN ÇEMPİONATI KEÇİRİLƏCƏKDİR


Ölkəmizdə qədim atçılıq ənənəsinin davam etdirilməsi, bu idman növünün əhatə dairəsinin daha da genişləndirilməsi yönündə Atçılıq Federasiyası daim yüksək səylə irəliləməkdədir. Ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına əsasən milli atçılıq sahəsinin inkişafı isə xüsusi əhəmiyyət kəsb edir.

Məhz milli atçılığın inkişafı naminə Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşəbbüsü və təşkilatçılığı ilə ilk dəfə olaraq Azərbaycanda yorğa atların Azərbaycan çempionatı keçiriləcək.

Respublikanın müxtəlif bölgələrindən 50-ə yaxın yorğa atı Binə Atçılıq Mərkəzi ərazisində yerləşən cıdır meydanında öz güclərini sınayacaqlar.

Yarışlarda Azərbaycanın müxtəlif regionlarında doğulan yerli yorğa atları iştirak edəcək.

Çempionatın ilk yarışı 5 müxtəlif kateqoriyada və məsafədə təşkil olunacaq.

Cıdır mövsümünün bağlanış gününə təsadüf edən yorğa çempionatına atçılıq həvəskarları tərəfindən maraq olduqca yüksəkdir və yarışları izləməyə çox sayda tamaşaçı gəlməsi gözlənilir.

Çempionatın qaliblərinə diplom, kubok və mükafatlar verilməsi nəzərdə tutulmuşdur.

Tədbir 3 noyabr tarixində saat 09:00-dan etibarən keçiriləcəkdir.