Milli Atçılıq Festivalı – 2023


Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə 5-8 noyabr 2023-cü il tarixlərdə Binə Atçılıq Mərkəzində, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunacaq Milli Atçılıq Festivalı keçiriləcək.


Festivalda yalnız milli cins atların – Qarabağ və Dilbaz atlarının iştirakı ilə Çövkən çempionatı, Cıdır yarışları və Yorğa qaçışları təşkil olunacaq.


5 Noyabr 2023-cü il saat 11:00-da qapalı manejdə festivalın təntənəli açılış mərasimi təşki olunacaqdır. Həmin gün açılış mərasiminin ardınca Çövkən üzrə Dünya Çempionatının ilk 3 oyunu keçiriləcəkdir. 6 noyabr 2023-cü il tarixdə çempionatın digər 3 oyunu səhər 11:00-dan etibarən oynanılacaqdır.

Çövkən çempionatında Azərbaycan, Türkiyə, Qazaxstan, Özbəkistan, Polşa və Mərakeş milliləri iştirak edəcəkdir.

7 noyabr 2023-cü il tarixdə saat 11:00-da cıdır və yorğa qaçışlarına start veriləcəkdir. Qaçışlar Binə Atçılıq Mərkəzinin cıdır yolunda təşkil olunacaqdır. 6 yorğa qaçışı və 5 cıdır qaçışı olmaqla ümumilikdə 11 qaçışda iştirakçılar kuboklar uğrunda mübarizə aparacaqlar. Kubok adları işğaldan azad olunmuş 11 xüsusi ərazinin adı ilə adlandırılacaqdır. Günün yorğa üzrə baş yarışının kubokunun adı “Şuşa”, cıdır üzrə baş yarışının kubokunun adı isə “Xankəndi” adlandırılacaqdır.

8 noyabr 2023-cü il tarixdə Çövkən üzrə Dünya Çempionatının 3-cülük uğrunda və final oyunları keçiriləcəkdir. Günün ilk oyunu saat 11:00-da başlayacaqdır.

3 noyabr 2023-cü il tarixdə saat 12:00-da Xəyal adasında yerləşən “Dreamland Golf Hotel” mehmanxanasında mətbuat konfransı keçiriləcəkdir. Mətbuat konfransında Dünya Çempionatının püşkatması da təşkil olunacaqdır.