"Land of Fire" komandası Vətənə qayıdıb.


Yanvar ayının 25-27 tarixlərində İsveçrənin Sankt Moritz şəhərində keçirilən ənənəvi qış polosu üzrə “SNOW POLO WORLD CUP ST.MORITZ” dünya kuboku turnirində 3-cü yer tutmuş “Land of Fire” komandası, turnir çərçivəsində tamaşaçılara Qarabağ atları üzərində “Odlar Yurdu – Azərbaycan” möhtəşəm şou-kompozisiyasını nümayiş etdirmiş Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi, milli rəqslərimiz və həzin melodiyalarımızla avropalıları valeh etmiş rəqs ansamblı və musiqiçilər, nümayəndə heyətimizin digər üzvləri 29 yanvar tarixində Vətənə qayıtmışlar.

Heydər Əliyev Beynəlxalq Aeroportunda nümayəndə heyətinin qarşılanma mərasimi keçirilmiş, polo üzrə mötəbər dünya kuboku turnirində yüksək nəticə göstərmiş təmsilçilərimiz böyük ruh yüksəkliyi ilə qarşılanmış, onlara təbrik və minnətdarlıq hisslərini ifadə edən gül çələngləri təqdim olunmuş, xatirə fotoşəkilləri çəkilmişdir.

Heydər Əliyev Fondunun dəstəyi ilə dünya polosunun ən nüfuzlu turnirlərindən biri olan “SNOW POLO WORLD CUP ST.MORITZ” yarışında ölkəmizi layiqincə təmsil etmiş idmançılarımız milli atçılığımızın inkişafını, bu idman növünün Vətəninin məhz Azərbaycan olmasını bir daha nümayiş etdirmiş və qürur mənbəyimiz olan üçrəngli bayrağımızı növbəti dəfə Avropa meydanlarında ucaltmışlar. 

Qarabağ atları üzərində süvarilərimizin böyük məharət və peşəkarlıqla etdikləri çıxışlar, rəqs ansamblının və musiqiçirimizin unikal və təkrarolunmaz ifaları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmış, milli mədəniyyətimizin, tariximizin, ənənələrimizin qədimliyinin və özünəməxsusluğunun ifadəsi olmuşdur.  

Turnir çərçivəsində Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən təşkil edilmiş “Azerbaijan – Take another look” pavilyonu tamaşaçıların və idmançıların böyük marağına səbəb olmuşdur.