İsveçrənin Sankt-Moritz şəhərində Qar
polosu üzrə Dünya Kuboku turniri başa çatmışdır.
Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan
Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə çempionatda iştirak
edən “Land of Fire” komandası Avropa tamaşaçılarına Polonun vətəni Azərbaycanın
atçılıq ənənələrini, Odlar Yurdunun füsünkar təbiətə, qədim mədəniyyətə malik
olmaqla yanaşı güclü idmançılar diyarı olmasını nümayiş etdirmişdir.
25 yanvar 2020-ci il tarixində Azərbaycan komandası “St. Moritz”
komandası ilə qarşılaşıb. Çox gərgin şəraitdə keçən görüşdə təmsilçimiz böyük qələbə əzmi
nümayiş etdirmiş və rəqib idmançılarımızın şiddətli müqaviməti ilə
üzləşmişdir. Qarşılaşmanın yekunu olaraq “Land of Fire” komandası finala vəsiqə
qazanmışdır.
Günün ikinci oyununda “Mazerati”
komandası “Badrutt’s Palace Hotel” komandasına qalib gəlmişdir.
Turnir
proqramına uyğun olaraq 26 yanvar tarixində turnirin üçüncüsünün müəyyən
olunması üçün “Mazerati” və “Badrutt’s Palace Hotel” komandaları
qarşılaşmışlar. Bu görüşdə
“Mazerati” komandası öz rəqibindən üstün olmuşdur.
Ölkəmizi təmsil edən “Land of Fire” komandası final
görüşündə turnirin ən güclü komandası sayılan “St. Moritz” komandası ilə
qarşılaşıb. Gərgin və kompromissiz mübarizə şəraitində keçən qarşılaşma rəqibin
qələbəsi ilə yekunlaşıb. Beləliklə də, təmsilçimiz turnirin ikincisi olmuşdur.
Final görüşündən sonra qaliblərin
mükafatlandırılması mərasimi baş tutub. Eyni zamanda turnirin ən yaxşı
oyunçusu, ən yaxşı komandası və ən yaxşı atı nominasiyaları üzrə mükafatlar və
hədiyyələr təqdim olunub.
Qeyd olunmalıdır ki, Beynəlxalq Polo Federasiyasının
təşkilatçılığı ilə “13-cü Polo üzrə Avropa Çempionatı” 10-20 sentyabr 2020-ci
il tarixlərdə Bakı şəhərində baş tutacaqdır.