Dahi Öndər Heydər Əliyevin 95 illik yubileyinə, Azərbaycan dövlətçiliyini xilas etməsinin 25-ci ildönümünə həsr olunmuş 6-cı Arena Polo üzrə Dünya Kuboku Turnirinə start verilib.


Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə keçirilən Milli Atçılıq Festivalı çərçivəsində 6-cı Arena Polo üzrə Dünya Kuboku turnirinə start verilib.

Turnirin əvvəlində Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev çıxış edərək qürur mənbəyimiz-Dahi Öndər Heydər Əliyevin 95 illik yubileyinə, Azərbaycan dövlətçiliyini xilas etməsinin 25-ci ildönümünə həsr olunmuş Arena Polo üzrə VI Dünya Kuboku turnirinin iştirakçılarını salamlayıb, Milli Qurtuluş Günü və Ramazan bayramı münasibətilə onları təbrik edib.

Çıxışında bildirib ki, son bir neçə il ərzində 1-ci Avropa Oyunlarına,         4-cü İslam həmrəyliyi oyunlarına, Formula-1 avtomobil yarışlarına ev sahibliyi edən ölkəmiz bütün dünya üçün təşkilatçılıq və qonaqpərvərlik nümunəsi göstərir. Bu baxımdan açılışını etdiyimiz 6-cı Arena Polo üzrə Dünya Kuboku turniri Azərbaycanın idman sahəsində uğurlarının növbəti ifadəsidir.

Bu ilin may ayında Böyük Britaniyanın və Şimali İrlandiyanın kraliçası 2-ci Elizabetin şərəfinə Londonda  təşkil olunmuş  “Vindzor Kral At Şousu”nda Azərbaycan nümayəndə heyətinin möhtəşəm iştirakı haqqında da məlumat verib.

O, qeyd edib ki, Azərbaycan idmanının bütün sahələri kimi atçılıq idmanı da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali  dəs­tək və qayğısı ilə əhatə olunmuşdur. Məhz bu diqqətin nəticəsidir ki, ötən bu illər ərzində həm ölkə daxilində, həm də hüdudlarımızdan kənarda nailiyyətlərimiz artmaqdadır.

Nitqin sonunda xaricdən gələn qonaqlara, Beynəlxalq Atçılıq federasiyasının nümayəndələrinə, hakimlər heyətinə müraciət edərək turnirdə iştiraklarına, təşkilati dəstəklərinə görə minnətdarlığını bildirmiş və bütün yarış iştirakçılkarına uğur və müvəfəqqiyyət arzulayaraq, dahi öndər Heydər Əliyevin 95 illik yubileyinə, Azərbaycan dövlətçiliyini xilas etməsinin 25-ci ildönümünə həsr olunmuş 6-ci Arena Polo üzrə Dünya kubokunu açıq elan etmişdir.

Turnirdə ilk olaraq Elite Horse and Polo Club (Pasha Bank) və Indian Polo & Riding Club New Delhi (Bot) oyuna başlamışdır. Indian Polo & Riding Club New Delhi (Bot) komandasının səylərinə baxmayaraq, müdafiədə güclü olan Elite Horse and Polo Club (Pasha Bank) komandası 7-6.5 hesabı ilə qalib oldu.

Günün ikinci matçında, Polo Club Wicklow (Palladium) və Rhein Polo Club Düsseldorf (Altun 97) qarşı-qarşıya gəlib.Oyun Rhein Polo Club Düsseldorf (Altun 97) komandasının xeyrinə 8-5 hesabı ilə başa çatıb.

Qeyd edək ki, 16 iyun 2018-ci il tarixdə isə günün ilk oyununda  Rhein Polo Club Düsseldorf (Altun 97) və Indian Polo & Riding Club New Delhi (Bot) mübarizə aparacaq. İkinci oyun isə Elite Horse & Polo Club (Pasha bank) və Polo Club Wicklow (Palladium) arasında baş tutacaq. Kubokun ikinci günü “Port Baku Scalini”də keçiriləcək World Polo Party (iştirak yalnız dəvətnamə ilə)  ilə sonlanacaq.