Bu gün İtaliyanın Siyene şəhərində start götürmüş
Polo üzrə Avropa Çempionatının ilk oyununda Niderland komandası ilə qarşılaşan
Azərbaycan yığma komandası rəqibini 7:3 hesabı ilə darmadağın etmişdir.
Avstriya, Almaniya, Fransa, Niderland, Slovakiya,
İspaniya, İsveçrə, İrlandiya, İtaliya kimi təcrübəli komandalar ilə bərabər
Avropa qitəsinin ən mötəbər polo yarışına ilk dəfə qatılmış yığmamızın
tərkibində Əli Rzayev, Elçin Camallı, Fabian Bolanterio, Agustin Kronhaus daha
çox fərqlənmişlər.
Azərbaycan yığma komandasının baş məşqçisi Namiq Orucov
turnirə böyük hesablı qələbə ilə başlayan komandamızın oyunundan razı
qalmasını bildirmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin göstərdiyi ali diqqət va qayğı nəticəsində ölkəmizdə polo idman
növünün son illərdə xüsusilə böyük sürətlə inkişaf etməsini vurğulayan Namiq
Orucov Niderland kimi təcrübəli rəqib üzərində qələbənin əldə olunmasında çempionata ideal hazırlaşma şəraitinin yaradılmasının
ciddi əhəmiyyətini qeyd etmiş və buna görə Azərbaycan Respublikasının Atçılıq
Federasiyasına minnətdarlığını ifadə etmişdir.
Xatırladaq ki, Beynəlxalq Polo Federasiyası və
İtaliyanın Atçılıq İdmanı Federasiyası tərəfindən birgə təşkil edilən Polo
üzrə Avropa Çempionatı 30 sentyabr 2018-ci il tarixədək davam
edəcəkdir. Yarış təqviminə uyğun olaraq Azərbaycan yığma komandası 22 sentyabr
tarixində Fransa, 24 sentyabr tarixində Slovakiya, 28 sentyabr tarixində
İrlandiya yığmaları ilə görüşəcəkdir. Keçiriləcək 4 oyunun nəticəsinə əsasən ən çox xal toplayan komanda
finalda digər qrupun qalibi ilə qarşılaşacaqdır.