Azərbaycan Respublikası Atçılıq Federasiyasının nümayəndələri Federasiyanın döyüşlərdə yaralanmış üzvü - jokey Hilal Nəzərovu ziyarət ediblər.


Azərbaycan Respublikasının müzəffər Silahlı Qüvvələri, qəhrəman hərbi qulluqçuları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında erməni işğalçılarından torpaqlarımızı azad edir, hər bir ölkə vətəndaşının, hər bir azərbaycanlının ən ümdə arzusu və istəyi olan - Böyük Qələbəni anbaan yaxınlaşdırır.

Azərbaycan Silahlı Qüvvələrinin qətiyyətli əks-həmlə tədbirləri ilə Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarının böyük hissəsi (rayon mərkəzləri və kəndlər daxil olmaqla), Xocavənd və Xocalının bəzi kəndləri və nəhayət Şuşa şəhəri işğaldan azad edilmişdir.

Hazırda ölkəmizdə bütün dövlət qurumları, təşkilatlar, sıravi vətəndaşlar torpaq­ları­mızın bütövlüyü uğrunda vuruşan Silahlı Qüvvələrimizə öz maddi və mənəvi dəstəklərini nümayiş etdirir.

Azərbaycan Respublikasının Atçılıq Federasiyasının bir neçə idmançısı da hazırda cəbhənin müxtəlif istiqamətlərində düşmənə qarşı qorxmazcasına mübarizə aparırlar.

Həmin şəxslərdən biri, jokey Hilal Nəzərov 28 sentyabrdan etibarən ön cəbhəyə yolla­n­ıb. O, düşmənə yaxın mövqedə, xüsusi əməliyyatlarda iştirak edərkən yaralanmışdır.

Dövlətimizin yüksək maddi-mənəvi dəstəyi ilə əhatə olunmuş Hilal Nəzərovun özünə və ailəsinə əlavə qayğı göstərmək məqsədilə Azərbaycan Respublikasının Atçılıq Federa­siyasının Prezidentinin tapşırığı ilə Fede­rasiyanın baş katibi Bəhruz Nəbiyev Şirvan Şəhər Mərkəzi Xəstəxanasında Hilalı ziyarət etmişdir.

O, əsgərimizə Federasiyanın prezidenti adından döyüşlərdə qəhrəmancasına iştirakına görə təşəkkür etmiş və hər bir məsələdə Atçılıq Federasiyası olaraq daim yanında olduqlarını bildirmişdir.

Azərbaycan Respublikasının Atçılıq Federasiyası bütün atçılıq ailəsi adından Vətən uğrunda canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmət diləyir, yaralılara isə tezliklə öz sağlamlıqlarına qovuşmağı arzu edir.