Azərbaycan Respublikası Atçılıq Federasiyasının Mətbuat Xidmətinin məlumatı.


Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşəbbüsü və təkliflərinə əsasən 27 Aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası ərazisində cıdır yarışlarının təşkil olunması məqsədilə fəaliyyət göstərəcək yeni təşkilat – Azərbaycan Jokey Klubu Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. 

“Atçılıq Haqqında” Azərbaycan Respublikasının qanunundan irəli gələn şərtlərə uyğun olaraq, respublika ərazisində atçılıq fəaliyyətinin yüksək səviyyədə təşkil olunması, atçılıqla peşəkar məşğul olan obyektlərin və fərdlərin rifahının yaxşılaşdırılması, beynəlxalq təcrübənin daha mükəmməl şəkildə tətbiq edilməsi məqsədilə yaradılan Azərbaycan Jokey Klubu MMC cari ildən etibarən fasiləsiz, mövsümi xarakter daşımayan şərtlərlə cıdır yarışlarının təşkil olunmasına başlayacaqdır.  

10 May 2021-ci il tarixdə Azərbaycan Respublikası Atçılıq Federasiyası və Azərbaycan Jokey Klubu arasında razılaşma əsasında cıdır yarışlarının qərəzsiz, ədalət prinsipinə uyğun təşkil olunması məqsədilə federasiya tərəfindən seçilən xüsusi Hakimlər Kollegiyası onlara nəzarət edəcəkdir. Eyni zamanda, şikayətlərə baxılması üçün fəaliyyət göstərəcək Appellyasiya Komissiyası və dopinq nəzarətinin aparılması üçün xüsusi komissiya da ARAF tərəfindən seçiləcəkdir. Cıdır yarışlarına mükafatların təyin olunması və ödənilməsi AJK tərəfindən həyata keçiriləcəkdir. 

Dünya atçılıq təcrübəsinə uyğun olaraq bütün ölkələrdə fəaliyyət göstərən Jokey Klubların Azərbaycanda da yaradılması və cıdır yarışlarının ARAF tərəfindən həmin təşkilata həvalə edilməsi ölkədə bu sahənin inkişafına təkan verəcəkdir. 

Azərbaycan Respublikası Atçılıq Federasiyası yeni yaradılan Azərbaycan Jokey Klubuna gələcək fəaliyyətində uğurlar arzu edir.