İsveçrənin Sankt-Moritz
şəhərində keçirilən ənənəvi qış polosu üzrə “SNOW POLO WORLD CUP ST.
MORITZ” dünya kuboku turniri davam edir.
Heydər Əliyev Fondunun
dəstəyi ilə turnirdə ölkəmizi təmsil edən “Land of Fire” komandası
Avropa tamaşaçılarına Polonun Vətəni Azərbaycanın atçılıq ənənələrini, Odlar
Yurdunun füsunkar təbiətə, qədim mədəniyyətə malik olmaqla yanaşı
güclü idmançılar diyarı olmasını nümayiş etdirir.
24 yanvar tarixinə təyin
olunmuş ilk oyun günündə Azərbaycan idmançıları “Badrutt’s Palace Hotel” komandası ilə qarşılaşmışlar.
1985-ci ildən etibarən
36 illik tarixə malik qar üstündə dünya kubokunun daimi iştirakçılarından olan,
oyunçularının handikapı çox yüksək olan “Badrutt’s
Palace Hotel” komandası
idmançılarımızın müqavimətini dəf edə bilməmişdir. Gərgin və güzəştsiz
mübarizə şəraitində keçən, dramatik anları və emosional epizodları ilə
yadda qalan oyunda idmançılarımız rəqiblərini 8-4 hesabı ilə məğlub etmişlər.
Baş məşqçisi Namiq Orucov olan komandamızın kapitanı Elçin
Camallı qarşılaşmada xüsusi fərqlənmiş, digər oyunçular – Rəşad Həsənov, Əli
Rzayev, Pato Bolanteiro, Agustin Kronhaus, Santiago Marambio də ümumi qələbənin
əldə olunmasında mühüm töhfə vermişlər.
Günün digər qarşılaşmasında “St.
Moritz” komandası 6:31/2 hesabı ilə “Mazerati” komandasına qalib gəlmişdir.
Bu gün Bakı vaxtı ilə saat
15:00-da “St. Moritz” komandası ilə qarşılaşacaq komandamız bu görüşdə də
qalibiyyət əldə edərsə birbaşa finala yüksələcəkdir.
Turnirdə "Land of
Fire" komandası Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı
ilə iştirak edir.