2019-cu ilin ilk Konkur yarışı 11 yanvar tarixində start götürəcək.


Azərbaycan Respublikası Atçılıq Federasiyası 11-12 yanvar 2019-cu il tarixdə ilin ilk Konkur yarışına start verəcək. “Arzu kuboku” adlı  turnir E, M* və S* kateqoriyaları üzrə təşkil olunacaq.

Turnirdə Azərbaycanın müxtəlif atçılıq klublarının yeniyetmə və yetkin yaş qrupları üzrə idmançıları kubok uğrunda yarışacaq. İki gün davam edəcək turnir saat 11.00-dan etibarən baş tutacaq.

Turnirin birinci günü E kateqoriyası üzrə 80-85 sm hündürlükdə qurulacaq maneələrdən ibarət yarışda 20 yaşadək olan yeniyetmə idmançıların iştirakına icazə veriləcək. Günün ikinci M* kateqoriyası üzrə yarışı hər yaş kateqoriyasından olan idmançılar üçün açıq olacaq. Bu yarışda ən hündür maneə 120-125 sm olaraq nəzərdə tutulmuşdur. 

Turnirin ikinci günü isə S* kateqoriyası üzrə təşkil olunacaq.  S* kateqoriyası üzrə maneələrin hündürlüyü 130-140 sm nəzərdə tutulub.

Turnir yerli hakimlər kollegiyası tərəfindən idarə olunacaq. Turnirin ümumi mükafat fondu 5000 manat təşkil edir.