18 noyabr 2024-cü il tarixində Peşəkar Çövkən Liqasının Təftiş Komissiyasının iclası keçirilmişdir. İclasda 13 noyabr 2024-cü il tarixində baş tutmuş Polad və Sərhədçi komandaları arasındakı oyunda baş verən insidentlə bağlı məsələlər müzakirə olunmuşdur.
Araşdırmaların nəticəsində məlum olmuşdur ki, oyunun sonunda Polad komandasının oyunçuları Şəfayət Budaqov, Samir Primov və Rəvan Camalzadə hakimə qarşı nalayiq ifadələr işlətmişdir. Bu səbəbdən:
• Şəfayət Budaqov qırmızı kartla,
• Samir Primov və Rəvan Camalzadə isə sarı kartlarla cəzalandırılmışdır.
Polad Çövkən Komandası insidentlə bağlı rəsmi olaraq üzr istəmiş və aşağıdakı bəyanatı vermişdir:
“13 noyabr 2024-cü il tarixində keçirilmiş Polad - Sərhədçi komandalarının oyununda heyətimizin nümayiş etdirdiyi bu hərəkətlərdən peşmançılıq hissi keçiririk. Tamaşaçılardan, Hakimlər Kollegiyasından və Azərbaycan Respublikası Atçılıq Federasiyasının rəhbərliyindən bu xoşagəlməz davranışlara görə üzr istəyirik və bu cür halların bir daha təkrarlanmayacağına söz veririk.”
Hadisə ilə bağlı Peşəkar Çövkən Liqasının Təftiş Komissiyası müvafiq tədbirlərin görülməsi barədə qərarlar qəbul etmişdir.